İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 21 aprel 2021-ci il tarixli, 212323400041 saylı əmri ilə AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu nəzdində “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 34) təsis edilmişdir. Sözügedən Texniki komitə aşqarlar, sürtkü, sürtkü yağları və xüsusi materialar sahəsində fəaliyyət göstərən maraqlı tərəflərin cəlb olunduğu məşvərətçi qurumudur. Eyni zamanda AZSTAND/TK 34-nin strukturuna AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Heydər Əliyev adına Neft Emalı Zavodu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA-nın Neft-Kimya prosesləri İnstitutu, “Azərenerji” ASC, “Təcrübə Sənaye Zavodu” MMC, “Technol” MMC daxil edilmişdir .
Maraqlı tərəflərin məqsədi ölkədə istehsal edilən aşqarlara, sürtkü yağlarına, sürtkülərə və xüsusi mayelərə aid məhsulların rəqabətliliyinin artmasının və yüksək keyfiyyətinin təmin edilməsidir. Rəqabətliliyin artması və yüksək keyfiyyətin təmin edilməsi AZSTAND/TK 34 tərəfindən işləniləcək dövlət standartları vasitəsi ilə həyata keçiriləcəkdir.