Ölkədə istehsal olunan neft və əlaqəli məhsulların keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 1426:2022 "Bitum və bitumlu büzücülər-İynənin batma dərinliyinin təyini” dövlət standartı qəbul edilib.
AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən işlənib hazırlanan və “Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 20) müzakirə olunan AZS EN 1426:2022 “Bitum və bitumlu büzücülər-İynənin batma dərinliyinin təyini” dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 05.03.2022-ci il tarixli 222323500006 saylı qərarı ilə təsdiq edilib.
Sözügedən dövlət standartı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Heydər Əliyev adına Neft Emalı Zavodu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə razılaşdırılıb.
AZS EN 1426:2022 “Bitum və bitumlu büzücülər-İynənin batma dərinliyinin təyini” dövlət standartı neft və əlaqəli məhsulların yoxlanılması meyarlarından biri olan iynənin batma dərinliyinin təyinini müəyyən edir. Elmi-tədqiqat institutlarının, neft emalı zavodlarının, ali məktəblərin tədris laboratoriyaları qeyd olunan dövlət standartının potensial istifadəçiləridir.