ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib
17 Yanvar, 2025

Yeni dövlət standartları ölkə ərazisində keramik dam örtüyü plitələrinin istehsalı və istifadəsinə dair tələbləri müəyyən etməklə tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin daha da yüksəldilməsinə imkan yaradacaqdır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) tərəfindən AZS EN 538:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Əyilmədə möhkəmliyin təyini sınağı”,  AZS EN 539-1:2024 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Fiziki xüsusiyyətlərin təyini – Hissə 1: Sukeçirməzlik və hermetikliyin təyini üzrə sınaq”, AZS EN 1024:2025 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Həndəsi xüsusiyyətlərin təyini” və AZS EN 1304:2025 “Keramik dam örtüyü plitələri və fitinqlər - Məhsula dair anlayışlar və xüsusiyyətlər” dövlət standartları qəbul edilib.

Sözügedən dövlət standartları keramik dam örtüyü plitələrinin əyilməyə qarşı davamlılıq, sukeçirməzlik və həndəsi xüsusiyyətlərinin təyini üçün sınaq üsullarını müəyyən edir.

Yeni dövlət standartları Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) dəstəyi ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi (Calidena Prosesi - Dəyər zənciri: Keramik dam örtüyü və döşəmə plitələri) çərçivəsində hazırlanıb.

Qeyd edək ki, dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib, İnstitut tərəfindən təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.

 

Tarix:

17 Yanvar, 2025