Azərbaycan Standartlaşdırma İnstitutunun 14 aprel 2021-ci il tarixli 212323400039 saylı əmri ilə “Neft-mədən avadanlıqları” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 35) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd neft-mədən avadanlıqları sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.
“Neft-mədən avadanlıqları” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 35) sədrliyi “Ritm-Neftmaş” MMC həyata keçirəcəkdir.
AZSTAND/TK 35-in strukturuna, “Azinmaş” ASC, “Azneft” İB, “Bakı Neft-mədən avadanlıqları zavodu” ASC, “Bakı Neft Maşınqayırma zavodu” ASC, “Bakı Neft Qaz Mədən Avadanlığı zavodu” ASC, “Suraxanı Maşınqayırma zavodu” ASC, SOCAR daxil edilmişdir.
Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.