ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Qadın sahibkarlığının inkişafının təşviq edilməsi məqsədilə yeni dövlət standartı qəbul edilib
13 Oktyabr, 2022

Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi, qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi məqsədilə beynəlxalq standart əsasında AZS IWA 34:2022  “Qadın sahibkarlığı. Əsas anlayışlar və ümumi meyarlar” yeni dövlət standartı qəbul edilmişdir.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təqdim edilmiş standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Dövlət standartı qadınların sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi anlayışları, sahiblik, idarəetmə və nəzarət kimi mühüm amillərin qiymətləndirilməsi meyarlarını, o cümlədən investisiya hesabına səhmlərin dəyərinin azaldılması qaydalarını ehtva edir.  

Qəbul olunmuş yeni dövlət standartının tətbiqi nəticəsində qadınların məşğulluq imkanlarının genişləndirilməsinə, əmək bazarında gender bərabərliyinin təmin edilməsinə, qadın sahibkarlığı fəaliyyətində korporativ idarəetmə, şəffaflıq və hesabatlılıq, o cümlədən kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsinə imkan yaranacaq.

 

Tarix:

13 Oktyabr, 2022