İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.
İclasda AZSTAND, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Əkinçilik Elmi Tədqiqat İnstitutu, AMEA-nin Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azad İstehlakçılar Birliyi, “Azərsun Holdinq” MMC, “GULKHANE” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.4-cü bəndinin icrası məqsədi ilə qida məhsulları, onlarla əlaqəli proseslər və istehsal metodlarına dair müvafiq dövlət standartlarından məcburi tələblərin çıxarılmasının təşkili məqsədilə dövri yoxlaması aparılmış 21 dövlət standartının layihəsi qəbul edilib. Eyni zamanda, OIC/SMIC 10:2019 “Saffron (Crocus sativus L.) - Specifications and Test Methods” standartının autentik tərcüməsi əsasında hazırlanmış AZS OIC/SMIC 10:2023 Zəfəran (Crocus sativus L.) - spesifikasiyalar və sınaq metodları” da daxil olmaqla, ümumilikdə 23 standart layihəsinə dair müvafiq qurumların rəy və təkliflər müzakirə edilib. Sonda standart layihələrinin Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar qəbul edilib.