Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin növbəti iclası baş tutub.
İclasda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC, “AzərGold” QSC, İqtisadi Zonaların İnkişafı Agentliyi, AZPROMO, Azərbaycan Zərgərlər Assosiasiyası və digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.
İclas zamanı AZSTAND/TK 36 üzvləri tərəfindən əlvan metalların sınaqları üçün nümumə götürülmə qaydaları üzrə dövlət standartının layihəsi müzakirə edilib və konsensus əsasında qərar qəbul edilərək Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət olunub.
Həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 174 “Jewellery and precious metals” (Zərgərlik və qiymətli metallar) standartlaşdırma üzrə Texniki Komitədə müzakirə olunan mirvari, qolbaq və zinət əşyalarında istifadə edilən yeni layihələr sesverməyə qoyulub.
Sonda AZSTAND/TK 36-nın tərkibinə yeni üzvlərin seçilməsi ilə bağlı səsvermə həyata keçirilib.


