Azərbaycan Standartlaşdırma İnstitutunun 31 mart 2021-ci il tarixli 212323400032 saylı əmri ilə “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 33) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd qida məhsullarının keyfiyyəti və texnologiyası sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.
“Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 33) sədrliyi “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ həyata keçirəcəkdir.
AZSTAND/TK 33-ün strukturuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, “Qida Təhlükəsizliyi İnstitutu” PHŞ, “Azad İstehlakçılar Birliyi” (AİB), “Azərbaycan ət və ət məhsulları İstehsalçıları” İctimai Birliyi, “GULKHANE”MMC, “M&iT” firması, “SPİCETECH” MMC, “SƏBA” ASC, ARKTN-nin Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası və ARKTN- “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” PHŞ daxil edilmişdir.
Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.