Milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutunun 22 aprel 2020-ci il tarixli 202323400024 nömrəli əmri ilə “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 10) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin yaradılmasında əsas məqsəd respublikada istehsal olunan və ölkəyə idxal olunan tikinti materiallarına, tikinti məmulatlarına və inşaat konstruksiyalarına dair tələblərin artırılması üçün beynəlxalq standartlar əsasında yeni standartların işlənib hazırlanmasından, ekspertizasının aparılmasından, aidiyyəti standartlara yenidən baxılmasından, dəyişiklik edilməsindən və həmçinin, müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.
“Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 10) sədrliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu həyata keçirəcəkdir.
(AZSTAND/TK 10) strukturuna Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor Texnoloji İnstitutu, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, "Bakı İnşaat Sənaye" ASC, "Akkord STİK" ASC daxildir.
Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.