Müəssisə və təşkilatlarda sənədlərin idarəedilməsi sisteminin beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə AZS ISO 15489-1:2022 “İnformasiya və sənədləşdirmə. Qeydlərin idarəedilməsi. Hissə 1: Anlayışlar və prinsiplər” dövlət standartı qəbul edilib.
Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standart qeydlərin yaradılması, əldə edilməsi və idarə olunması proseslərini, monitorinq, təlimlər üzrə anlayışları, prinsipləri müəyyən edir və bütün növ təşkilatlara şamil edilir. Standartın tətbiqi müəssisələrdə şəffaflığın və hesabatlılığın artırılmasına, normativ hüquqi aktların tələblərinin əməl edilməsinə, biznes risklərinin idarə edilməsinə, biznes fəaliyyətinin davamlılığının təmin edilməsinə imkan verəcək.