Belarus Respublikasının Minsk şəhərində standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətlərin aparılması haqqında Sazişin iştirakçısı olan dövlətlərin milli standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya dövlət orqanlarının rəhbərləri arasında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 65-ci müşavirəsi keçirilib.
İclasa Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, o cümlədən MDB İcraiyyə Komitəsi və Standartlar Bürosunun nümayəndə heyətləri qatılıb.
İclas zamanı МГС-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı - МГС 2030 strategiyasının tədbir və mexanizmlərinin həyata keçirilməsi üçün xüsusi tədbirləri özündə cəmləşdirən Tədbirlər Planının icrası; МГС-in beynəlxalq əməkdaşlığı, Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС), standartlaşdırma üzrə yeni dövlətlərarası texniki komitələrin yaradılması və mövcud olanların ləğv edilməsi və bu istiqamətlərdə digər vacib məsələlərə baxılıb, müzakirələr edilib.
Sözügedən iclasın yekununda iclas iştirakçıları baxılma və müzakirənin nəticələrinə əsasən istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, elmi-texniki və ticarətin gücləndirilməsi üzrə aktual problemlərin həlli üçün standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş razılaşdırılmış qərarlar qəbul edilib və sazişin iştirakçısı olan dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən МГС-in 65-ci iclasının protokolu imzalanıb.
Qeyd edək ki, səfər çərçivəsində, AZSTAND-ın nümayəndə heyəti ilə Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsinin nümayəndəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Özbəkistan Texniki Tənzimləmə Agentliyinin nümayəndəsi və digər qurumlar arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair ikitərəfli görüşlər keçirilib.