Standartlaşdırma üzrə normativ sənədlərin dövlət fondu “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 1997-ci il 28 mart tarixli, 25 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları" əsasında və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) nəzdində fəaliyyət göstərir.
Standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin yayımı standartlaşdırma üzrə dövlət fondunun məlumat bazası əsasında həyata keçirilir.
İnstitutun rəsmi internet saytında standartlaşdırma üzrə dövlət fondu ilə bağlı müvafiq bölmə yaradılmışdır. Həmin bölmədə daim yenilənən dövlət standartlarının kataloqu və ölkədə qüvvədə olan dövlətlərarası standartların kataloqu yerləşdirilmişdir.
Eyni zamanda standartların geniş tətbiqini təşviq etmək və standartların aidiyyəti biznes fəaliyyətinə uyğun olub-olmadığını müəyyən etmək üçün dövlət fondunda standartların mətni ilə tanış olmaq üçün müvafiq şərait yaradılmışdır. Bununla da istənilən biznes qurumlarından olan nümayəndələr “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna müraciət etməklə standartlarla tanış ola bilər.