İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) TAIEX layihəsi çərçivəsində Avropa Parlamentinin və Şurasının 18 iyun 2009 tarixli 2009/48/EC nömrəli “Oyuncaqların təhlükəsizliyi” direktivi əsasında “Oyuncaqların təhlükəsizliyi üzrə milli texniki reqlamentin hazırlanması” mövzusunda seminar keçirilib.
Seminarda təlimçi kimi Aİ-dən olan ekspertlər - Belçikanın İqtisadiyyat Nazirliyinin Keyfiyyət və Təhlükəsizlik üzrə baş direktoru, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA) prezidenti Maureen Logghe və Litvanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyinin (SCRPA) baş məsləhətçisi Aleksas Zalpys çıxış edib.
4-6 iyul tarixlərində keçirilən seminar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planı çərçivəsində baş tutub.
Sözügedən direktiv oyuncaqların fiziki-mexaniki, kimyəvi, radioaktiv, gigiyenik, alışqanlıq xassələrinə dair tələblərə, həmçinin, bu direktiv əsasında uyğunluğun qiymətləndirilməsi prosedurlarına şamil edilir.
Seminarda Avropa Şurasının “Oyuncaqların Təhlükəsizliyi üzrə” 2009/48/EC Direktivində göstərilən təhlükəsizlik tələbləri, texniki sənədləşdirmə, istinad standarları, risklərin qiymətləndirilməsi, direktiv üzrə oyuncaqların uyğunluğunun qiymətləndirilməsi, uyğunluq bəyannaməsinin tətbiqi, uşaq oyuncaqları üzrə bazara nəzarətin aparılması və digər mövzular üzrə müzakirələr aparılıb.
Seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Xidmətin tabeliyində olan qurumların və digər dövlət qurumlarının 20-dan çox nümayəndələri iştirak edib.