İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilmiş “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Fövqəladə Hallar Nazirliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun, Energetika Nazirliyinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, “NORM” ASC-nin, “Holcim-Azərbaycan” ASC-nin, “Mətanət-A” şirkətinin, “Beyaz Alçı” MMC-nin, “Metalico” MMC-nin, “Kartaş LTD” MMC-nin, “Fortis Group” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə AZS 046-2000 “İnşaat gipsləri” dövlət standartının dövrü yoxlanılmasının aparılması, ağır və xırdadənəli betonlara, antiseysmik qurğulara, monolit konstruksiyalar üçün yüksəkmöhkəmli və xırdadənəli betonlara dair dövlət standartlarının layihələri müzakirə edilib.