Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında iştirak ediblər.
Onlayn formatda keçirilən görüşə həmçinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), “Mətanət-A” şirkəti, Kartaş Kimya” MMC, “Norm” və “Holcim-Azərbaycan” ASC-lərinin nümayəndələri qatılıblar.
İclas zamanı Avropa standartları əsasında hazırlanmış keramik plitələr üçün yapışdırıcılar və beton üçün istifadə olunan dolduruculara dair tələbləri müəyyənləşdirən yeni dövlət standartlarının layihələri müzakirə edilib.
Daha sonra “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın yekun layihəsi, o cümlədən “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsinin tərtibat vəziyyəti barədə məlumat verilib.
Sonda AZSTAND/TK 10-un cari fəaliyyəti, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Qeyd edək ki, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun bazasında yaradılıb.
