Yeni dövlət standartlarının tətbiqi tikinti sahəsində fəaliyyət göstərən istehsalçılar və müəssisələr üçün təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsinə, eləcə də bazara çıxış imkanlarının və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS EN 934 -2:2024 “Kimyəvi əlavələr - Beton, qarışıq və məhlul üçün - Hissə 2: Beton üçün kimyəvi əlavələr - Təriflər, tələblər, uyğunluq, markalanma və etiketləmə”, AZS EN 520:2024 “Gipskarton lövhələr - Təriflər, tələblər və sınaq üsulları”, AZS EN 15283 -1:2024 “Liflərlə möhkəmləndirilmiş gipskarton lövhələr - Təriflər, tələblər və sınaq üsulları - Hissə 1: Keçə tipli liflərlə gücləndirilmiş gipskarton lövhələr”, AZS EN 845-1:2024 “Daş hörgünün köməkçi elementləri üçün spesifikasiya - Hissə 1: Divar dartqıları, gərilmə kəmərləri, xamıtlar və kronşteynlər” və AZS EN 845-2:2024 “Daş hörgünün köməkçi elementləri üçün xüsusiyyətlər - Hissə 2: Atmalar” dövlət standartları qəbul edilib.
Sözügedən dövlət standartlarının layihələri “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.