“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin rəhbərliyi və əməkdaşları 25, 26 və 27 yanvar 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Almaniya Standartlar İnstitutunun (DIN) eksperti tərəfindən videokonfrans formatında keçirilmiş «Brend barədə məlumatlandırma və Kommunikasiya» mövzusuna dair seminarda iştirak etmişdirlər.
Təlim zamanı ekspert tərəfindən DIN-də mövcud olan korporativ kommunikasiya prosesi haqqında geniş təqdimat nümayiş edilmişdir. Təqdimatda brendin qurulması, ünsiyyətin səbəbi, mahiyyəti və məkanının müəyyən edilməsinin vacibliyi, marketinqə dair vasitələr məcmusu və dəyərli məzmunun yaradılması mövzularına toxunulmuşdur.
Görüşün sonunda təlim iştirakçılarını maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.