17 may 2022-ci il tarixində Tvininq layihəsi çərçivəsində Bakıda səfərdə olan Almaniya Standartlar İnstitutunun (DİN), Tvinninq layihəsi ekspertlərinin iştirakı ilə “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma (AZSTAND/TK 36) üzrə Texniki Komitənin (bundan sonra Komitə) sədri Rövşən Əmircanovun sədrliyi ilə “AzerGold” QSC-nin inzibati binasında növbəti iclası keçirilmişdir.
İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, “AzerGold” QSC-nin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir” MMC-nin, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin, “Azərbayca Respublikasının İxracın və İnvestisiyaların Təşviqi” Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Levata Group” MMC-nin, “Unique Group” MMC-nin, “Tac Gold” MMC-nin, “Shakh Filigree” şirkətinin nümayəndələri iştirak etmişdirlər.
İclasın açılışında təsis edildiyi müddət ərzində qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlərdən, Komitənin fəaliyyət istiqaməti haqqında təkliflərdən və fəaliyyət planına daxil olan standartlardan ətraflı danışılmışdır.
İclas zamanı ГОСТ Р 52599-2006 əsasında hazırlanan “Qiymətli metallar və onların ərintiləri.Təhlil metodlarına dair ümumi tələblər” standart layihəsi üzrə səsvermə keçirilmişdir. Səsvermə nəticəsində standart layihəsi Komitənin üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Həmçinin, iclasda ISO 24016:2020 əsasında hazırlanmış “Zərgərlik və qiymətli metallar - Brilyantların attestasiyası - terminologiya, təsnifat və sınaq üsulları" standart layihəsi üzərində geniş müzakirələr aparılmışdır.
Qeyd edək ki, “AzerGold” QSC, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin birgə yaratdığı Komitənin əsas məqsədi - qiymətli metallar və qiymətli daşlar sahəsində beynəlxalq standartların tətbiqi və dövlət standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və regional standartlaşdırma tədbirlərində iştirak etməkdən ibarətdir.