29 aprel 2022-ci il tarixində AZSTAND-ın inzibati binasında “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində 6-cı İcraedici Komitənin hibrid formada iclası keçirilmişdir.
İclasda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən, İqtisadiyyat Nazirliyinin yanında Proqram İdarəetmə Qurumundan, eləcə də “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin rəhbərliyi və əməkdaşları, layihənin üzv dövlətlərinin tərəfdaşları olan Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi (BMWi), Almaniyanın Standartlaşdırma İnstitutu (DIN), Almaniyanın Milli Metrologiya İnstitutu (PTB), İspaniyanın Standartlaşdırma Assosiasiyası (UNE) və İsveçin Standartlar İnstitutu (SIS) ekspertləri iştirak etmişdir.
Görüşdə layihə çərçivəsində son rübü əhatə edən görülən işlər barədə qısa hesabat təqdim edilmiş, həmçinin layihə bitdikdən sonra İnstitutun inkişaf perspektləri və üzv dövlətlər tərəfindən dəstəyin davamı, habelə üzv dövlətlərin müvafiq standartlaşdırma qurumlarına təcrübə mübadiləsi məqsədi ilə tədris səfərlərinin həyata keçirilməsi haqqında müzakirələr aparılmışdır. Tvinninq layihəsindən sonra TAİEX aləti vasitəsi ilə AZSTAND-a ekspert dəstəyini təmin etmək üçün müvafiq tövsiyələr verilmişdir.