“Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsinin İcraedici Komitəsinin yekun iclası keçirilmişdir.
İclasda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, İqtisadiyyat Nazirliyinin və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin nümayəndələri, layihənin üzv dövlətlərinin tərəfdaşları olan Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi (BMWi), Almaniya Standartlaşdırma İnstitutu (DIN), Almaniya Milli Metrologiya İnstitutu (PTB), İspaniya Standartlaşdırma Assosiasiyası (UNE) və İsveç Standartlar İnstitutu (SIS) layihə rəhbərləri və ekspertləri iştirak ediblər.
Görüş zamanı layihə çərçivəsində görülən işlər və qazanılmış nəticələr barədə hesabat təqdim edilmiş, həmçinin layihə bitdikdən sonra İnstitutun inkişaf perspektləri və üzv dövlətlər tərəfindən dəstəyin davamı, habelə üzv dövlətlərin müvafiq standartlaşdırma qurumlarına təcrübə mübadiləsi məqsədi ilə tədris səfərlərinin həyata keçirilməsi haqqında müzakirələr aparılmışdır.
Layihə bitdikdən sonra Almaniya Standartlaşdırma İnstitutu (DIN), Almaniya Milli Metrologiya İnstitutu (PTB), İspaniya Standartlaşdırma Assosiasiyası (UNE) və İsveç Standartlar İnstitutu (SIS) ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və standartlaşdırma sahəsində bu ölkələrin təcrübəsinin Azərbaycanda tətbiqi məqsədi ilə müvafiq fəaliyyətlər həyata keçiriləcəkdir.