İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (Azstand) tərəfindən AZS 498:2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası” dövlət standartı qəbul edilib.
Standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) və “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitədə (AZSTAND/TK 37) müzakirəyə çıxarılıb və Azstand tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna və Reyestrinə daxil edilib.
Dövlət standartının ölkədə tətbiqi sertifikatlaşdırma bazarında rəqabət mühitinin artırılmasına, sahibkarlara daha şəffaf və keyfiyyətli xidmətin göstərilməsinə, iş prosesinin səmərəliliyinin artırılmasına, sertifikatlaşdırma prosesi zamanı yaranacaq korrupsiya risklərinin aradan qaldırılmasına imkan yaradacaq.