Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda “Üzümçülük və şərabçılıq məhsulları”nın Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND TK/22) növbəti iclası keçirildi.
İclasda Texniki Komitənin sədri a.e.d. Vüqar Səlimov görülən işlər barəsində qısaca məlumat verdi. Həyata keçirilən “2018-2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı” üzrə Tədbirlər Planının 1.3 bəndinə əsasən şərabçılığa dair milli normativ texniki sənədlərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasının nəzərdə tutulduğunu vurğuladı. Eyni zamanda katib qeyd etdi ki, hazırlanan standart sənədlər beynəlxalq standartlara uyğun olaraq məhsulun istehsalından tutmuş istehlaka qədər bütün zəruri məsələləri özündə əks etdirir.
İclasda yeni üzvlərin qəbul edilməsi müzakirə olundu. Ölkədə müxtəlif fəaliyyət sahələrində işin beynəlxalq və Avropa standartlarına uyğun təşkil edilməsi baxımından təhlükəsiz və keyfiyyətli mal istehsalını təmin edən normativ sənədlərin layihələrinin işlənib hazırlanması və ekspertizasının təşkili, bu sahədə mövcud olan standartların yenilənməsi işlərində fəal iştirak etmələri üçün İqsadiyyat Nazirliyinin aidiyyatı şöbələrinin nümayəndələrinin Texniki Komitəyə üzv qəbul edilməsi haqqında qərar qəbul edildi.