Azərbaycanda “Yaşıl transformasiya üçün keyfiyyət infrastrukturu” adlı yeni layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi istixana qazlarının validasiya (müəyyən olunmuş tələblərin fərz edilən istifadə ilə əlaqədar olduğu verifikasiyadır) və verifikasiyası (verilmiş obyektin müəyyən olunmuş tələblərə uyğun olduğuna dair obyektiv dəlillərin təqdim olunması) sahəsində müvafiq standartların qəbul edilməsi, qəbul edilən standartlar əsasında təlimlərin keçirilməsi, istixana qazlarının validasiya və verifikasiya sahəsi üzrə akkreditasiya sxeminin formalaşdırılmasıdır.
Almaniyanın Milli Metrologiya İnstitutu (PTB) tərəfindən maliyyələşdirilən layihənin əsas benefisiarı Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), layihənin tərəfdaşları isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Akkreditasiya Mərkəzidir (AZAK).
Layihə çərçivəsində 19-20 oktyabr 2023-cü il tarixlərində “Avropa İttifaqının nəzarət sahəsində istixana qazlarının emissiyalarının verifikasiyası” (Greenhouse Gases (GHG) Emissions Verification in the EU Regulated Area) və “İstixana qazlarının validasiya və verifikasiya sahəsinin akkreditasiyası” (Accreditation in the field of GHG Validation & Verification) mövzularında iki günlük vebinar keçirilib.
Seminarda AZSTAND, ETSN və AZAK-ın 40-a yaxın nümayəndəsi iştirak edib.