İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 927:2023 (TS 341:2011) “Yeməklik zeytun yağı” dövlət standartı qəbul edilib.
Dövlət standartının qəbulu dünyada ən çox istifadə olunan yağlardan biri olan və insan orqanizminə faydaları ilə tanınan emal olunmuş yeməklik zeytun yağı (təbii, rafinə, riviera, rafinə pomace və rafinə pomace yağı ilə təbii zeytun yağının qarışığı) növlərinin keyfiyyətinin artırılması, zeytun yağına dair tələblərin beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçılarda bu növ yağa dair etibarın formalaşdırılması və həmin məhsulların keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsini təmin etmək məqsədi daşıyır.
Yeni standart "Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartı qüvvəyə mindiyi tarixdən (27.01.2023) AZS 838-2015 (CODEX STAN 38-1981) “Zeytun yağları və cecələrdən sıxılmış zeytun yağları” dövlət standartı qüvvədən düşmüş hesab edilir.