İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Yol nəqliyyatı”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 19) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Nəqliyyat Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “AZAVTOBUS” MMC-nin, Azərbaycan Texniki Universitetinin, “Toyota-Lexus” AADA-nın, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Prorqamı” üzrə Texniki Komitənin üzərinə düşən vəzifələrin müzakirəsi aparılıb və görüləcək tədbirlər müəyyənləşdirilib.
Bununla əlaqədar olaraq, AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” standartında edilmiş AVRO-6 ekoloji sinifinə dair dəyişikliklər layihəsi Texniki Komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Eyni zamanda, 2023-cü il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən 3 dövlət standartı layihəsinin qəbul edilməsi və 1 dövlət standartının dövri yoxlamadan keçməsi barədə konsensus əsasında qərar qəbul edilib.