Belarus Respublikasının Minsk şəhərində standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri arasında Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 65-ci müşavirəsi keçirilib. Tədbir çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin (BELST) nümayəndə heyəti ilə görüşdə iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd birgə əməkdaşlıq məsələlərinin müzakirəsi, gələcək inkişaf perspektivləri, qarşılıqlı iqtisadi fəaliyyətin genişləndirilməsi olub.
Yekunda BELST ilə AZSTANDART arasında protokol imzalanıb. Yeni protokol Azərbaycanın milli standartlarının ilk dəfə olaraq Belarusda tətbiqinə geniş imkanlar açacaq. Bu imkanların reallaşdırılması Belarus Standartlaşdırma İnstitutuna həvalə edilib. Sözügedən razılaşma iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinə, mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək.