Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu tərəfindən (SMIIC) virtual formatda təşkil olunan təlimdə iştirak ediblər.
Təlim OIC/SMIIC 9 :2019 “Halal Turizm Xidmətləri - Ümumi Tələblər” standartı üzrə qadın ekspertləri maarifləndirmə mövzusunda olub. Təlim zamanı halal turizm standartının tələbləri, bu standartın sözügedən sahədə istifadəsi və tətbiqi haqqında önəmli məlumatlar verilib.
Sözügedən görüşdə təlimçilər "Əndəlüs Mədinə Şəbəkəsi - İrs turizmi və səyahətçilər üçün standartların dəyəri", “Müsəlman tur bələdçisi olaraq müvəffəqiyyətin əldə edilməsi”, “Müasir dövrdə halal turizm sənayesi istedadlarının təkmilləşdirilməsinin önəmi”, “Halal turizmdə yeni imkanlar” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə həyata keçirilən layihələr, müsəlman turistlər və yerli əhali ilə aparılan işlərin nəticələri və yeni layihələrlə bağlı təkliflər barədə məlumat verilib.
Qeyd olunan təlimdə AZSTAND-ın qadın eksperti ilə yanaşı dünyanın müxtəlif ölkələrindən 127 qadın ekspert iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.