Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO/IEC 42001:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — İdarəetmə sistemi” beynəlxalq standartı əsasında daxili auditor təlimi keçiriləcək.
Təlimin əsas məqsədi süni intellekt texnologiyalarının tətbiqi zamanı yaranan risklərin sistemli şəkildə idarə olunması, etik və hüquqi tələblərə riayət olunmasının təmin edilməsi, eləcə də təşkilatlarda süni intellekt (AI) idarəetmə sistemlərinin səmərəli qurulması istiqamətində beynəlxalq yanaşmaların iştirakçılara çatdırılmasıdır.
ISO/IEC 42001 beynəlxalq standartı üzrə təlim 20–22 may 2026-cı il tarixlərində onlayn formatda təşkil olunacaq.
İştirakçılar təlim çərçivəsində əldə etdikləri bilik və bacarıqlar sayəsində süni intellekt idarəetmə sistemlərinin qurulması və tətbiqi üzrə müasir yanaşmaları mənimsəyəcək, təşkilat daxilində beynəlxalq tələblərə uyğun, dayanıqlı və etibarlı AI mühitinin formalaşdırılmasına töhfə verə biləcəklər.
Təlimin sonunda iştirakçılara ISO/IEC 42001:2023 “İnformasiya texnologiyaları — Süni intellekt — İdarəetmə sistemi” standartı üzrə daxili auditor sertifikatı təqdim olunacaqdır.
Qeydiyyat üçün əlaqə:
İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva
Tel: (+994 12) 514 96 03 (daxili: 115)
Mobil: (+994 55) 201 18 60
E-poçt: z.hagverdiyeva@azstand.gov.az.

