Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində “Neft-qaz və sənaye sahəsində tətbiq olunan texniki-normativ sənədlərin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş dəyirmi masada iştirak ediblər.
Tədbirə həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, eləcə də Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nümayəndələri qatılıblar.
Tədbir sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahələrində mövcud vəziyyətin təhlili, neft-qaz və neft-kimya sənayesində tətbiq olunan texniki-normativ sənədlərin icra statusunun qiymətləndirilməsi və onların müasir texnoloji tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə təşkil olunub.
Müzakirələr zamanı neft-qaz və neft-kimya sektorlarında təhlükəsizliyin yüksəldilməsi, risklərin minimallaşdırılması və bu xüsusda müasir texnologiyalardan istifadənin prioritet istiqamətlərdən olduğu vurğulanıb. Həmçinin sənaye müəssisələrinin praktiki təcrübəsi nəzərə alınmaqla təzyiq altında işləyən qurğular, texnoloji boru kəmərləri, qoruyucu klapanlar, buxar və isti su sistemləri, neft-kimya avadanlıqlarının texniki istismarı, neft-qaz zavodlarında təhlükəsizlik qaydaları və digər əlaqəli sahələr üzrə mövcud normativ sənədlərlə bağlı müvafiq təkliflər irəli sürülüb.




