Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 195 “Tikinti üçün maşın və avadanlıqlar” Texniki Komitəsinin plenar iclasında və həmin komitənin alt komitələrinin (ISO/TC 195/SC 1 “Beton işləri üçün maşınlar və avadanlıq” və ISO/TC 195/SC 2 “Yol istismarı maşınları və əlaqədar avadanlıqlar”) iclaslarında iştirak edib.
Azərbaycanla yanaşı, texniki komitəyə üzv olan digər ölkələrin müvafiq standartlaşdırma qurumlarından 50-yə yaxın nümayəndənin qatıldığı iclaslar İtaliya Respublikasının Roma şəhərində İtaliya Standartlaşdırma Qurumu (UNI) tərəfindən təşkil edilib.
İclaslarda mövcud standartların yenilənməsi, texniki komitə və onun işçi qruplarının gördüyü işlərin hesabatı və sahə üzrə beynəlxalq standart layihələrinin işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.
İclasda həmçinin "Maşın və avadanlıqların təhlükəsizliyi haqqında" milli texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilən standartların siyahısında yer alan ISO 19432-1:2020 “Building construction machinery and equipment — Portable, hand-held, internal combustion engine-driven abrasive cutting machines — Part 1: Safety requirements for cut-off machines for centre-mounted rotating abrasive wheels” (“Tikinti üçün maşın və avadanlıqlar - Portativ, əl ilə işləyən, daxili yanma mühərriki ilə idarə olunan aşındırıcı kəsici maşınlar - 1-ci hissə: Mərkəzə quraşdırılmış fırlanan aşındırıcı təkərlər üçün kəsici maşınlar üçün təhlükəsizlik tələbləri”) beynəlxalq standartı müzakirə edilib. 