ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə arıçılıq sahəsində yeni dövlət standartı qəbul edilib
23 İyul, 2026

   Yeni dövlət standartı ana arı yetişdirilməsi sahəsində keyfiyyətin yüksəldilməsinə, istehsal prosesinin vahid tələblər əsasında tənzimlənməsinə və seleksiya işinin təkmilləşdirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən arıçılıq sahəsi üzrə yeni AZS 1004:2026 “Ana arı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Yeni dövlət standartı ölkədə ana arı yetişdirilməsi sahəsində keyfiyyətin yüksəldilməsi, ana arıların istehsalı, bioloji və seleksiya göstəricilərinin qiymətləndirilməsi, markalanması, qablaşdırılması, daşınması, saxlanılması və dövriyyəsinin vahid tələblər əsasında tənzimlənməsi məqsədilə hazırlanıb.

Standartın tətbiqi ana arı istehsalında vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və məhsuldar ana arıların yetişdirilməsinə, cins və populyasiyaların xarakterik xüsusiyyətlərinin qorunmasına, bioloji göstəricilərin sabit saxlanılmasına, həmçinin istehlakçılara təqdim olunan ana arıların keyfiyyət və etibarlılıq səviyyəsinin artırılmasına xidmət edir.

Bundan əlavə, sözügedən standart ana arıların bioloji və morfoloji göstəricilərinin obyektiv qiymətləndirilməsi, seleksiya və damazlıq işinin elmi əsaslarla aparılması, yerli arı genofondunun qorunması, yüksək məhsuldar və xəstəliklərə davamlı arı ailələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis edilən “Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24)  təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

 

 

Tarix:

23 İyul, 2026