Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Çin Xalq Respublikasının Lanzhou şəhərində “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən ölkələr üçün təşkil olunan “Külək enerjisi texnologiyası” mövzusunda beynəlxalq seminarda iştirak edib.
Qansu Təbii Enerji Tədqiqat İnstitutu tərəfindən keçirilən seminarda külək enerjisi texnologiyalarının tətbiqi, dayanıqlı enerji sistemlərinin qurulması və bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də külək elektrik şəbəkəsinə qoşulma üçün beynəlxalq standartların tələbləri müzakirə edilib.
Seminar çərçivəsində istilik və soyutma bazalarına baxış məqsədilə “Longxing Group” şirkətinə, külək turbinlərinin istehsalı və işləmə prinsipi ilə tanış olmaq üçün isə “Mingyang Smart Energy” Sənaye Parkı, Tianpu New Energy Technology Co.Ltd və China General Nuclear Power Group külək enerjisi stansiyalarına texniki səfərlər təşkil edilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

