Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi - səriştəlilik testinə dair ümumi tələblər” beynəlxalq standartı əsasında daxili auditor təlimi təşkil olunub.
Təlimdə AZSTAND əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Akkreditasiya Mərkəzinin, Azərbaycan Metrologiya İnstitutunun, “Azəralüminium” MMC, “Azsеrtcenter” MMC, “CN Co. LTD” və “Euro Construction” şirkətinin nümayəndələri iştirak ediblər.
“Esenek Eğitim Merkezi”nin rəhbəri Halil Çelik tərəfindən keçirilən təlimin əsas məqsədi uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin sözügedən beynəlxalq standartın tələblərinə uyğun təşkili, həmçinin əməkdaşların peşəkar bilik və bacarıqlarının, eləcə də səriştəlilik səviyyəsinin artırılmasından ibarət olub.
Qeyd edək ki, ISO/IEC 17043:2023 “Uyğunluğun qiymətləndirilməsi — Səriştəlilik sınaqlarına dair ümumi tələblər” standartı səriştəlilik sınaqlarının planlaşdırılması, hazırlanması, keçirilməsi, nəticələrin təhlili və iştirakçılara hesabatların təqdim olunması proseslərini əhatə edir. Bu standartın tətbiqi laboratoriyaların və digər uyğunluğun qiymətləndirilməsi qurumlarının fəaliyyətinin etibarlılığının artırılması, nəticələrin obyektivliyinin təmin edilməsi və beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.
