Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər ediblər. Səfər çərçivəsində AZSTANDART əməkdaşlarının İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC), İslam Ticarəti İnkişaf Etdirmə Mərkəzinin (ICDT), o cümlədən İslam Əməkdaşlıq Təşkilatına (OIC) aid digər müvafiq qurumların birgə təşkilatçılığı keçirilən 10-cu Dünya Halal Sammitində, eləcə də sammit çərçivəsində “Halal Expo” sərgisində iştirakı təmin olunub.
Sammit zamanı halal iqtisadiyyatın dayanıqlı bazasının yaradılması, təchizat prosesinin şəffaf və etibarlı şəkildə təmin olunması, maliyyə çərçivələrinin halal dəyərlərinə uyğun qaydada tətbiqi, keyfiyyət və təhlükəsizlik yoxlamalarının təkmilləşdirilməsi mövzuları nəzərdən keçirilib.
Bundan əlavə, halal sənayenin davamlı inkişafı üçün texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqətin ayrılması və bu sahədə əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb.