Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS ISO 9001:2020 “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” standartı mövzusunda daxili auditor təlimi keçirilib.
İnstitutun İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən keçirilən təlimdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi və "İstisu" mineral su zavodunun əməkdaşları iştirak ediblər.
3 gün davam edən təlim zamanı əldə edilən biliklər təşkilat və müəssisələrdə mövcud idarəetmə sistemlərinin beynəlxalq standartın tələblərinə uyğunlaşdırılması, daxili proseslərin optimallaşdırılması və idarəetmə səmərəliliyinin artırılması, o cümlədən personalın səriştəliliyi və peşəkarlığının yüksəldilməsi, əməliyyat xərclərinin azaldılması və resursların daha effektiv istifadəsinə fayda verəcəkdir.
Təlimin sonunda imtahandan uğurla keçən iştirakçılara daxili auditor sertifikatı təqdim olunacaq.