Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Enerji menecment” adlı layihəsinin yekun nəticələrinə dair onlayn tədbir keçirilib.
İnstitut ISO tərəfindən təşkil olunan “Standards for Sustainability: Strengthening National Standards Bodies and their stakeholders’ uptake of selected ISO standards in support of the UN SDGs; dimension Planet: Energy Management” (“Dayanıqlılıq üçün Standartlar: Milli Standartlaşdırma Qurumlarının və onların maraqlı tərəflərinin BMT- nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləmək üçün seçilmiş ISO standartlarını mənimsəmələrinin gücləndirilməsi; Planet ölçüsü: Enerji menecment”) layihəsində iştirak etmək və faydalanmaq imkanını qazanmışdır. Sözügedən layihənin həyata keçirilməsi üçün ISO-nun müəyyən etdiyi kriteriyalar əsasında energetika sahəsi üzrə 4 mütəxəssis və 2 pilot müəssisə seçilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd energetika üzrə beynəlxalq ekspertlər tərəfindən ölkə üzrə seçilmiş mütəxəssisləri ISO 50001:2018 “Enerji menecment sistemləri” beynəlxalq standartı üzrə təlimçi qismində hazırlanmasına dəstək göstərmək və sözügedən standartın tələblərinin seçilmiş müəssisələrdə tətbiq etməkdir.
Tədbirdə beynəlxalq ekspertlər ilə yanaşı, dövlət və özəl qurumların nümayəndələri, biznes assosiasiyalarının təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.
Tədbir zamanı Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov enerji menecmenti layihəsinin əhəmiyyəti, bu istiqamətdə qurum tərəfindən görülən işlər və beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
Bundan əlavə, beynəlxalq ekspertlərin iştirakı ilə ISO 50001 standartının tətbiqinin əhəmiyyəti, EMS-nin tətbiqi nəticəsində təşkilatın öz enerji effektivliyini, enerji performansını yaxşılaşdırması, enerji səmərəliliyinin faydaları və layihənin nəticələri barədə müzakirələr aparılıb.