Bu gün respublikamızda bir çox əhəmiyyətli və vacib dövlət proqramları həyata keçirilməkdədir. Həmçinin ölkəmizdə sahibkarlıq subyektlərinə dövlət dəstəyi nəticəsində istehsal və xidmət sahələrində qabaqcıl texnologiyalar tətbiq edilir, keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalında artım müşahidə olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlarla görüşlərində dəfələrlə bəyan etmişdir ki, ölkəmizi idxal ölkəsindən ixrac ölkəsinə çevirməliyik. Bunun üçün isə Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlarda idarəetmə sistemləri üzrə Beynəlxalq Standartların tətbiqi sürətlənməlidir.
Belə ki, Azərbaycan Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək məqsədi hal-hazırda ən doğru seçim olardı.
Əgər biz inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həqiqətən onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Bu ölkələrin inkişaf etməsinin əsas səbəbi sağlam biznes mühütünün formalaşması, innovasiya, texnologiya və Beynəlxalq Standartların tətbiqidir.
Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma və sertifikatlaşdırma sahəsində mövcud normativ-huquqi bazasının Beynəlxalq Standartların tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görülməkdədir. Bu islahatlar sırasında müəssisə və təşkilatların idarəetmə sistemlərinin təkmilləşdirilməsi, idarəetmə sistemləri üzrə Beynəlxalq Standartların tətbiqi, bu işdə maraqlı tərəflərə hüquqi, praktiki və metodoloji köməkliyin göstərilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkəmizdə idarəetmə sistemləri üzrə Beynəlxalq Standartların tətbiqi idarəetmə sistemlərinin təkmilləşdirilməsilə bərabər, istehsal olunan məhsulun, yerinə yetirilən iş və xidmətlərin keyfiyyətinə də müsbət təsir göstərəcək.
Odur ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün Milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının və Strateji Yol Xəritələrinın müvafiq bəndlərinin tələblərini təmin etmək üçün Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatların personalına davamlı olaraq beynəlxalq standartlar (İSO) əsasında təlimlərin keçirilməsini və eyni zamanda idarəetmə sisteminin sertifikatlaşdırılmasını təşkil etməlidir.