Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 56) təsis edilib.
Sözügedən Texniki Komitənin tərkibinə AZSTAND nümayəndələri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), “BakuBus” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Suraxanı Maşınqayırma Zavodu” ASC və “Azneftkimyamaş-Balaxanı Maşınqayırma Zavodu” ASC-nin təmsilçiləri daxil edilib.
Texniki Komitənin yaradılmasında əsas məqsəd maşınqayırma, mexaniki və hidravlik sistemlər sahəsində məhsulların və proseslərin keyfiyyətinin, təhlükəsizliyinin və etibarlılığının artırılması, eləcə də müvafiq istiqamətdə dövlət, ilkin, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanmasında maraqlı tərəflərin fəal iştirakının təmin edilməsidir.
