İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə standartlaşdırma üzrə Texniki Komitələrin nümayəndələri ilə onlayn formatda görüş keçirilib.
Görüş zaman İnstitutun Baş direktoru İlham Bayramov standartlaşdırma sahəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş dörd yeni qayda haqqında məlumat verib, bu qaydalardan irəli gələn tapşırıqlarla əlaqədar İnstitutun və texniki komitələrin üzərinə düşən vəzifələrin düzgün və vaxtında yerinə yetirilməsini qeyd edib.
Bildirilib ki, sözügedən qaydalara əsasən texnikin komitənin ən azı rübdə bir dəfə iclasının keçirilməsi, hər altı aydan bir iş planında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər barədə hesabatın İnstituta təqdim edilməsi, eləcə də dövlət orqanlarının formalaşdırdıqları texniki komitənin illik iş planında və Azərbaycan Respublikasının müvafiq texniki reqlamentlərində istinad edilməsi nəzərdə tutulan standartların layihələrinin hazırlanması, onların ekspertizasının aparılması ilə bağlı görülmüş işlərə dair xərclərin növbəti ilin dövlət büdcəsindən ayrılması ilə bağlı tədbirlər görməlidir.
Görüşdə mövcud texniki komitələrin 2024-cü il üzrə təsdiq edilmiş iş planlarının icra vəziyyəti müzakirə edilib, altı ay üzrə hesabat nəzərə alınmaqla bəzi texniki komitələrin fəaliyyətinin qənaətbəxş olduğu vurğulanıb. Bundan əlavə, ölkədə fəaliyyət göstərən texniki komitələrin üzvlərinin və mütəxəssislərin Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) standartlaşdırma üzrə texniki komitələrində üzv olmaları və bu sahədə ölkəmizin layiqincə təmsil edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrasında irəli gələrək bu sahədə işçi qurupun yaradıldığı, Azərbaycan Respublikasının müvafiq texniki reqlamentlərinin layihələrinin müxtəlif qurumlar tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi, onların istinad standartlarının isə yeni qaydalara uyğun olaraq müvafiq texniki komitələr tərəfindən hazırlanmalı olduğu, növbəti ayda bununla əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət tərəfindən texniki komitələrin rəhbərlərinin iştirakı ilə iclasın keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Görüşün sonunda müzakirələr aparılaraq Texniki Komitələrin sədrləri qarşılaşdıqları problemləri, həmçinin bu sahədə əldə etdikləri nailiyyətləri qeyd edərək standartlaşdırma sahəsində işlərin uğurla davam etdirilməsi məqsədilə birgə əməkdaşlığın daha da gücləndirilməsini vurğulayıblar.
Sözügedən görüşdə İnstitutun əməkdaşları ilə yanaşı texniki komitələrin ümumilikdə 70-dən çox nümayəndələri iştirak edib.