Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Toxum və əkin materiallarının və tütün məmulatlarının, qeyri-ənənəvi qida məhsullarının yem bitkiləri" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 27) növbəti iclası keçirilib.
İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “British American Tobacco”, “Prime Light” və “Philip Morris International” şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclas zamanı “Ağız yolu ilə istifadə edilən nikotintərkibli məhsullar. Texniki şərtlər” adlı yeni standart layihəsinə dair aidiyyəti qurumların rəy və təklifləri müzakirə olunub. Həmçinin 5 istinad standartının titul vərəqi ilə birlikdə orijinal nüsxəsinin birbaşa qəbul olunması məsələsinə baxılıb.
Sonda qəbul edilməsi nəzərdə tutulan standart layihələrinin AZSTAND-a təqdim olunması qərara alınıb.
Qeyd edək ki, sözügedən standart layihələri “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədini daşıyır.


